Fermer qadınların sayı artır - Gülbəniz Qənbərova

15:29 08.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda qadın fermerlər tərəfindən 120 kiçik müəssisə yaradılıb

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında mühüm rola malikdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə muzdla işləyənlərin 77,9 faizi kişilər, 22,1 faizi isə qadınlardan ibarətdir. Qeyd edək ki, bu gün qadınlar ailə təsərrüfatı fəaliyyətlərinə kifayət qədər dəstək versələr də, onların rolu çox zaman etiraf edilmir. Eyni zamanda, qadın fermerlərin ehtiyaclarına və problemlərinə cavab verən proqramlar olmadığına görə kənd məsləhət xidmətləri onların tələbatlarına əksər hallarda adekvat cavab vermir. Azərbaycan Kənd Qadınları Assosiasiyası isə yarandığı gündən etibarən bu istiqamətdə kənd yerlərində fəaliyyət göstərən qadınlara dəstək verməyə çalışır. “Həftə içi” qəzetinin müsahibi Azərbaycan Kənd Qadınları Assosiasiyasımın sədri Gülbəniz Qənbərovadır.

- Gülbəniz xanım, Azərbaycan Kənd Qadınları Assosiasiyasının əsas fəaliyyət istiqamətləri hansılardır?

- Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ilin noyabrında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Assosiasiya Azərbaycanda Qadın İnkişaf və Müəssisə qruplarının milli şəbəkəsidir və kəndlərdə aqrobizneslə məşğul olan fermer qadınları təmsil edən bir təşkilat rolunu oynayır. Azərbaycan Kənd Qadınları Assosiasiyasının yaradılması assosiasiyanın öz təlim almış icma səfərbərçiləri vasitəsilə hazırkı qrupların gücləndirilməsi və yeni qrupların səfərbər edilməsini öz üzərinə götürməklə modelin davam etdirilməsinə kömək edir. Assosiasiya, həmçinin biznes inkubatorlara dəstək verir, qrupların rəsmi maliyyə kanalları ilə əlaqələndirilməsinə kömək edir, ən başlıcası isə qadın qruplarını ölkədə icra olunan inkişaf layihələrinə təqdim edir. Hal-hazırda USAİD, FAO, GİZ və bir sıra dövlət proqramları Qadın İnkişaf və Müəssisə Qruplarından bir platforma kimi istfadə etməklə ictimai inkişafa öz töhfələrini verirlər. Qadın İnkişaf və Müəssisə Qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə regional və ölkə səviyyəsində şəbəkələşib və bu şəbəkə yeni yaranan qruplar hesabına daima böyüyür və genişlənir, bu isə Qadın Qruplarına  öz bizneslərinin həcmini və miqyasını genişləndirməyə imkan verir. AKQA həm də onlara resurslar tapmaq və öz məhsullarını satmaqda kömək edir.

- Sizin Assosiasiya üzv olan qadınların sayı barədə nə deyə bilərsiniz? Hazırda fermer qadınlar daha çox hansı bölgələrdə fəaliyyət göstərirlər?

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılmış və Dünya Bankı tərəfindən dəstəklənən Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ilin mart ayından etibarən qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə innovativ modeli sınaqdan keçirir. Bu vahid model kənd qadınlarının üzləşdiyi iqtisadi və sosial çətinlikləri və öz bizneslərinə başlamaq üçün onların ehtiyacı olan qərarvermədə iştirak və təşkilatlanma olmaması problemini həll etməyə yönəlmişdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan və Dünya Bankı tərəfindən dəstəklənən bu model kənd qadınlarını Qadın İnkişaf və Müəssisə Qruplarında (QİMQ) təşkilatlandırmışdır. Bu qruplar Azərbaycanın 15 rayonunda (Balakən, Zaqatala, İsmayıllı, Qax, Ağdam, Bərdə, Ağcabədi, Goramboy, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Beyləqan, İmişli) qadınlara məxsus və onlar tərəfindən idarə olunan bizneslərin portfelini yaratmış kənd qadınlarının biznes kollektivləridir. Hal-hazırda 482 qadın üzvü özündə birləşdirən 44 qrup yaradılmışdır ki, onların müəssisələrinin fəaliyyətləri bir neçə aqrobizneslərlə yanaşı, çörək bişirmə və şirniyyat, kafe, tikiş və xalçaçılıq sexlərini əhatə edir. Qadın İnkişaf və Müəssisə qrupları öz müəssisələrinə başlamaq üçün əsas fondu yaratmaq məqsədilə hər həftə kollektiv olaraq əmanət qoymaq üçün bir araya gələn 10-20 qadından ibarət qruplardır. Bu qruplara maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə təlimlər verilir. İcma biznes təbliğatçıları və kənd biznes mütəxəssislərindən təşkil olunmuş dörd biznes inkubatoru yaradılmış və onlar sahədə marketinq araşdırması, uçot aparılması və maliyyə təhlili kimi biznes inkubasiya və inkişaf xidmətləri təklif edirlər. Kəndlərdə qadın qruplarına dəstək göstərmək məqsədilə təlim almış və yüksək biznes bacarıqlarına malik gənclərdən ibarət kadr heyəti yaradılmışdır.

- Bəs, qadın inkişaf və müəssisə qrupları indiyədək hansı işləri həyata keçirib?

- Bu qruplar davamlı olaraq müxtəlif istiqamətlərdə fəaliyyət göstərirlər. Məsələn, qadın inkişaf və müəssisə qrupları öz icmalarında bərk tullantıların idarə olunması məsələsini həll etmiş və təmizlik kampaniyaları təşkil etmişlər. İki qrup icmada tullantıların ödənişli əsaslarla toplanması xidmətinin başlamasına yardımçı olmuşdur. Qadın inkişaf və müəssisə qrupları öz icmalarında yaşlı və əlil kənd sakinlərinin qayğısına qalırlar, məişət zorakılığı və erkən nigaha qarşı tədbirlər keçirirlər. Qruplar icmada su istehlakının qaydaya salınması kimi məsələlərin həllində də bələdiyyələrə kömək etmişlər. Hal-hazırda assosiasiyanın üzvü olan 44 qadın inkişaf və müəssisə qrupları toplam olaraq 120 kiçik biznesi idarə etməklə 482 kənd qadınını işlə təmin etmişdir.

- Kənd Qadınları Assosiasiyasının reallaşdırdığı layihələr barədə nə deyə bilərsiniz?

- Bu layihələrdən biri Dünya Bankının dəstəyi ilə "Cənubi Qafqazda Smart Kəndlər Proqramı"dır. Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şəmkir, Tovuz rayonlarında smart kəndlər standartlarına dair tədqiqat və sorğu proqramı hazırlanıb və icra olunub. Bundan başqa, QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə “Qadın sahibkarların internet üzrə satış bacarıqlarının artırılması” layihəsi icra edilib. Eyni zamanda, FAO Azərbaycan - Şimal Qərb zonasında inklusiv və dayanıqlı aqro ərzaq sistemlərinin inkişafı üzrə reallaşdırdığı layihənin tərəfdaşıyıq. Zaqatala, Balakən rayonlarını əhatə edən layihənin əsas məqsədlərindən biri bu regionu ölkədə tanınan və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zəncirlərinin yaradılmasına dəstək verən bir region olaraq tanıtmaqdır.

- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara hansı tövsiyyələriniz var? Biznes sahəsində iş qurmaq istəyən xanimların əsas çətinliyi nədən ibarətdir?

Sahibkarlıqla məşğul olan qadınlara sosial dəyərlərə daha çox diqqət etməyi tövsiyə edərdim, çünki arxasında sosial inkişaf dayanmayan iqtisadi inkişaf dayanıqlı deyil.
Sahibkarlığa yeni başlamaq istəyən qadınlara isə "qadln özünə-kömək modeli"ni kəsinliklə məsləhət görərdim. Bu medeldə qrup biznesləri, qadınların bir-birinə arxa dayaq durması, qadının qadına sahib çıxması, istər təsərrüfatda istərsə də məişətdə stereotiplərə zərbə, pandemiya, müharibə, təbii fəlakətlər və s kimi ictimai şokun qrup üzrə bölüşdürülməsi dünya ölkələrinin bir neçəsində öz təsdiqini tapıb. Qadınlar təsərrüfar, təsərrüfatdan kənar və qeyri-təsərrüfat sahəsində qrup bizneslərini qurarkən öz resurslarını birləşdirirlər və xarici resurslara və bazarlara da çıxışları asan olur.
Kəndlərdə yaşayan sahibkar qadınların ən böyük problemi Banklarladır. Aylarla banklara güzəştli kredit üçün müraciət edən kənd qadını uzun süründürməçiliklərdən sonra girov səbəbindən "yox" cavabı alır. Bu böyük problemdir və təəssüf ki, ölkənin bütün banklarına aiddir. Bankların kənd qadınlarına qarşı ədalətsiz yanaşması onların iş qurmaq, ailəsinə və kəndinin iqtisadi inkişafına töhfə vermək təşəbbüslərini əngəlləyir.